“Fənərbaxça”nın baş məşqçisi, məşhur portuqal mütəxəssis Joze Mourinyo İspaniya yığmasını AÇ-2024-də qələbəsi münasibətilə təbrik edib.
Arena.az portuqal mütəxəssisin bu barədə sözlərini təqdim edir:
“2024-cü il UEFA Çempionlar Liqasının qalib kapitanı Naço Fernandes və Avropa Çempionatının qalib kapitanı Alvaro Morata. Onları və hələ gənc ikən akademiyada debüt etmələrinə icazə vermiş məşqçini təbrik edirəm: bilməyənlərin nəzərinə, Dani Karvaxal da onlardan biridir.
Gördüyü əla işə görə cənab Luis de la Fuenteni də təbrik edirəm. Sonda ən yaxşı komanda qalib gəldi!”, deyə “Mour” bildirib.
Xatırladaq ki, Joze Mourinyo iyunun 2-də “Fənərbaxça” ilə 2 illik müqavilə bağlayıb. Mourinyonun Türkiyə klubundan əvvəlki son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.
“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.
Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.


