“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Roma”nın argentinalı hücumçusu Paolo Dibalanın Türkiyə klubuna keçməsi ehtimalından danışıb.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis “canavarlar”ın heyətində icarə əsasında çıxış edən, “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukakunun da yeni komandasına gələcəyinə dair xəbərləri belə şərh edib:
“Mən hər şeyi yüz faiz aydınlaşdırmaq istəyirəm. “Roma”nın heç bir futbolçusu ilə maraqlanmıram. Heç bir marağım yoxdur”, deyə “Mour” vurğulayıb.
Xatırladaq ki, iyunun 2-də “Fənərbaxça” komandanın baş məşqçi vəzifəsinə Joze Mourinyonun təyinatını açıqlayıb. 61 yaşlı mütəxəssislə Türkiyə klubu arasında 3 illik müqavilə imzalanıb.
Joze Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.
“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.
Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.


