Juan Jezus irqçilik qalmaqalı haqda: “Açerbi yalan danışır”

“Napoli”nin braziliyalı müdafiəçisi Juan Jezus “İnter”in italyan müdafiəçisi Françesko Açerbidən üzləşdiyi irqi təhqir hadisəsini şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, Françesko Açerbi Juan Jezusun ünvanına irqi fikirlər səsləndirməkdə şübhəli bilinir.

Belə ki, martın 17-də İtaliya A Seriyasının 29-cu turunun “İnter” – “Napoli” oyununda (1:1) Açerbi ilə Jezus arasında qarşıdurma baş verib. Bu zaman Françesko braziliyalı müdafiəçini irqi zəmində təhqir edib. Bu səbəbdən Açerbi İtaliya yığmasının qarşıdakı beynəlxalq yoldaşlıq oyunları üçün çağırılmış heyətindən xaric edilib.

Açerbi hadisəyə münasibətini açıqlayaraq, şübhələri təkzib edib. O, heç bir irqi təhqirə yol vermədiyini bildirib.

Juan Jezus isə özünün sosial şəbəkə hesabı üzərindən dərc etdiyi yazısında Françesko Açeribinin təkziblərinin gerçəklə ziddiyyət təşkil etdiyini və italyan müdafiəçinin yalan danışdığını bildirib:

“Mənim üçün məsələ dünən Açerbinin üzrxahlığı ilə meydanda bağlandı və mən düzünü desəm, əziyyət çəkməli olduğum məqam kimi utanc verici bir məqama qayıtmamağı üstün tuturam.
Ancaq bu gün Açerbinin dünən meydanda söylədiklərinə, eləcə də videoda təqdim edilən sübutlara və məndən üzr istədiyi birmənalı sözlərə tamamilə zidd olan açıqlamalarını oxudum. Burada və indi irqçiliklə mübarizə aparılır.

Açerbi mənə dedi: “Get, qara, sən sadəcə qarasan”. Mənim hakimə etirazımdan sonra o, səhv etdiyini etiraf etdi, mənim qarşımda üzr istədi və sonra əlavə etdi: “Mənim üçün bu da digərləri kimi təhqirdir”.

Bu gün o, sözlərini dəyişib və heç bir irqi təhqir olmadığını iddia edib. Deməyə sözüm yoxdur”, – Jezus yazıb.