Junior Adamu üçün 9,5 milyon avro ödədi – Almaniya klubu

Futbol üzrə Avstriya milli komandasının və “Zalsburq”un hücumçusu Junior Adamu Almaniyanın “Frayburq” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Amma 22 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb. “Frayburq” bu transfer üçün “Zalsburq”a 9,5 milyon avro ödəyib.

Junior Adamu “Liferinq”in yetirməsidir. 2020-ci ildən “Zalsburq”da çıxış edən hücumçu bu klubun əsas komandasında 84 oyuna çıxıb, 23 qol və 11 assistlə yadda qalıb. 2021-ci ildə Avstriya yığmasında debüt etmiş forvard millidə 6 oyun keçirsə də, qol vura bilməyib.

“Frayburq” Avstriyadan olan mərkəz müdafiəçisi Filipp Linhartla da yeni müqavilə imzalandığını açıqlayıb. Amma 26 yaşlı futbolçu ilə də müqavilənin müddəti gizli saxlanılır.

Filipp Linhart Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsidir. O, 2014-cü ildə bu klubdan İspaniya nəhəngi “Real”a transfer olunsa da, Madrid təmsilçisinin əsas komandasında cəmi 1 oyun keçirə bilib. 2017-ci ildə müdafiəçini “Real”dan icarəyə götürən “Frayburq” daha sonra onun transfer hüquqlarını da alıb. Linhart Bundesliqa təmsilçisində indiyə qədər 167 oyuna çıxıb, 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Frayburq” iki futbolçusunu da icarəyə göndərib. 22 yaşlı mərkəz müdafiəçisi – Kimberli Ezekvem “Paderborn”a icarəyə verilib. Alman futbolçu öz klubunun əsas komandasında cəmi 1 oyun keçirib.

19 yaşlı yarımmüdafiəçi Robert Vaqner isə “Qroyter”ə icarəyə göndərilib. Dayaq yarımmüdafiəçisi “Frayburq”un əsas komandasında 5 oyun keçirib. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

“Frayburq” ötən mövsüm İsveçrənin “Vintertur” klubuna icarəyə verdiyi Nişan Burkartla da yollarını birdəfəlik ayırıb. 23 yaşlı sol cinah vingeri “Vintertur”a transfer olunub. O, geridə qalan mövsümdə İsveçrə klubunda 25 oyuna 3 qol və 1 assistlə yadda qalıb. Burkart “Frayburq”un əsas komandasında cəmi 1 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: