İtaliya nəhəngi “Milan”ın sağ cinah vingeri Junior Messias bundan sonra A Seriyasının digər təmsilçisi “Cenoa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Genuya klubu 32 yaşlı futbolçunu satınalma şərti ilə 1 illik icarəyə götürüb. “Cenoa” gələn yay təcrübəli oyunçunun transfer hüquqlarını almaq istəsə, “Milan”a 4,5 milyon avro ödəməli olacaq.
Braziliyalı futbolçu 2021-ci ilin avqust ayından “Milan”ın uğurları üçün çalışırdı. O, bu komandada 68 oyuna çıxıb, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
Junior Messias “Milan”dan başqa “Krotone”, “Qossano”, “Kyeri”, “Kazale” kimi klublarda da forma geyinib.
“Cenoa” “Yuventus”un mərkəz müdafiəçisi Koni De Vinteri də icarəyə götürüb. 21 yaşlı belçikalı futbolçu qarşıdakı mövsümün sonuna kimi Genuya klubunun uğurları üçün çalışacaq. “Yuventus”a 2018-ci ildə “Sulte Varegem”dən gələn Koni De Vinter Turin klubunun əsas komandasında cəmi 2 matça çıxıb. O, ötən mövsümü də “Empoli”də icarədə keçirib. Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu hazırda U-21-in uğurları üçün çalışır.
“Cenoa” Almaniyanın “Union Berlin” klubunun mərkəz yarımmüdafiəçisi Morten Torsbini də icarəyə götürüb. İtaliya klubu Norveç yığmasında da forma geyinən 27 yaşlı futbolçunu satınalma şərti ilə heyətinə qatıb.
Torsbi Bundesliqa klubuna ötən ilin yayında “Sampdoriya”dan 3 milyon avro qarşılığında keçmişdi. O, Berlin təmsilçisində 34 oyuna 1 qol və 1 assistlə yadda qalıb. Yarımmüdafiəçi “Herenven”, “Sampdoriya” və “Stabek”də də forma geyinib. O, Norveç yığmasında da 17 oyun keçirib.
Yeri gəlmişkən, Koni De Vinteri “Cenoa”ya icarəyə verən “Yuventus” hücumçusu Kristofer Lunqoyini də “İverdon Sport”a göndərib. Konqoəsilli isveçrəli futbolçu da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, əvvəlki mövsümlərdə “Luqano” və “Sankt-Qallen” və “Askoli”də də icarədə olub. 23 yaşlı futbolçu “Yuventus”un əsas komandasında forma şansı qazanmayıb.


