Futbol üzrə Türkiyə millisinin hücumçusu Kənan Karaman Almaniyanın “Fortuna” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb.
O, 2018-ci ildən çıxış etdiyi “Fortuna”dan ayrıldığını açıqlayıb. Son mövsümdə Düsseldorf təmsilçisi ilə 2-ci Bundesliqada 28 oyunda 7 qol vuran Kənanla Türkiyənin “Qalatasaray” klubu maraqlanır. “Beşiktaş”, “Fənərbaxça” və İtaliyanın “Cenoa” klublarının da bu futbolçunu heyətində görmək istədiyi bildirilir.
Almaniyada “Hannover” və “Hoffenhaym” klublarının da formasını geyinib. O, Bundesliqada 102 matça çıxıb, 13 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. İkinci Bundesliqada isə 59 oyun keçirən futbolçu, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Kənan Karaman Türkiyə milli komandasına da dəvət alır. O, 20 oyuna çıxdığı milli komandada 5 qola imza atıb.


