“Kəpəz” Antalyaya yollandı, iki futbolçu ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” bu gün qış təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb. Gəncə təmsilçisi Antalyanın Bələk qəsəbəsinə çatan kimi oteldə qısa istirahətin ardından hazırlığa başlayıb. Günün ilk məşqində baş məşqçi Tərlan Əhmədov yetirmələrini fitnes zalında bir araya gətirib. Hazırlıq prosesi təxminən 30 dəqiqə çəkib. Futbolçular müxtəlif fiziki hərəkətlər üzərində çalışıblar.

Futbolçular günün ikinci hazırlığına isə meydanda çıxıblar. Əvvəlcə yüngül qaçışla məşqə start verən komanda üzvləri daha sonra müxtəlif təmrinləri yerinə yetiriblər. Ardınca pas kompleksləri üzərində çalışan futbolçular hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurublar.

Xatırladaq ki, yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi burada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvar 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın“Kaysar” komandaları ilə üz-üzə gələcək.

Yeri gəlmişkən, Gəncə təmsilçisi iki futbolçusu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Əli Səmədov və Zahid Mərdanov komandanı tərk ediblər. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gəncə klubu onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, bu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: