Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema “Əl-Nəsr”in ulduz futbolçusu Kristiano Ronaldoya söz atıb.
Arena.az xəbər verir ki, o, Ronaldodan fərqli olaraq, qarşısına daim qol vurmağı məqsəd qoymadığını bildirib:
“Mən yalnız qol vurmaq haqqında düşünən adam deyiləm. Kristiano ilə burada olmaq yaxşıdır. Amma mənim üçün matçlarda qalib gəlmək daha vacibdir. Komandaya qələbə qazandıracaq qollar vura bilsəm, sevinərəm.
Qol vurmağı, məhsuldar ötürmə verməyi, komandaya kömək etməyi xoşlayıram. Komandamın uğurları mənim üçün daha vacibdir”.
Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 19 oyuna 17 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Benzemanın ərəb klubunun heyətində çıxışının ümumi mənzərəsi 48 oyun, 30 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.
Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.


