“Əl-İttihad”ın fransalı ulduzu, mərkəz hücumçusu Kərim Benzema “Real”dan Səudiyyə Ərəbistanı klubuna keçməsinin səbəblərindən danışıb.
Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.
“Səudiyyə Ərəbistanı müsəlman ölkəsidir, məni qucaq açıb qarşıladılar və dərhal sevildiyimi hiss etdim. Məkkədə olanda özünüzü sakit hiss edirsiniz.
Səudiyyə Ərəbistanında futbol layihəsi başlayanda, hər cəhətdən böyük görünürdü. Bu ölkədə futbolun inkişafına kömək etmək üçün bunun bir hissəsi olmaq istədim. Buradakı futbolçuların çox böyük təbii həvəsi var. Yerli çempionatda futbolun səviyyəsindən razıyam. Mən həqiqətən çox təəccübləndim, çünki Avropada olduğum üçün Səudiyyə Ərəbistanı komandalarının iştirakı ilə də çox oyun görməmişdim”, deyə Benzema bildirib.
Vurğulayaq ki, Kərim müsəlmandır. Futbolçunun, haqqında hörmətlə söhbət açdığı Məkkə müsəlmanların müqəddəs şəhəri, Kəbənin yerləşdiyi məkandır.
Kərim Benzema Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad”a bu ilin iyununda “Real”dan azad agent qismində keçib. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Benzemanın zəngin karyerası rəqəmlərin gözü ilə
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Kərim yeni komandası “Əl-İttihad”ın heyətində 7 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə 2021 UEFA Millətlər Liqasını qazanıb.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub turnirlərinin qənimətləri var.
Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Bemzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib. Kərim 6 qolla 2007/2008 mövsümü Fransa Kubokunun və həmin mövsümdə 20 qolla Fransa Liqa 1-nin, eləcə də 2021/2022 mövsümündə 2 qolla İspaniya Super Kubokunun, 27 qolla İspaniya La Liqasının və 15 qolla Çempionlar Liqasının ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 35 yaşlı Kərim Benzemanı 25 milyon avro məbləğində qiymətləndirir.


