Kərim Rekik “Sevilya”nı “Əl-Cəzirə”yə dəyişdi

Futbol üzrə Niderland milli komandasının və İspaniyanın “Sevilya” klubunun mərkəz müdafiəçisi Kərim Rekik “Əl-Cəzirə”yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. Təcrübəli oyunçu yeni klubunda 4 nömrəli formanı geyinəcək. BƏƏ klubu bu transferə görə La Liqa təmsilçisinə 2 milyon avro ödəyib.

Xatırladaq ki, Kərim Rekik “Sevilya”ya 2020-ci ilin oktyabrında Almaniyanın “Herta” klubundan elə 2 milyon avroya transfer olunmuşdu. O, bu komandada 70 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Niderlandlı müdafiəçi peşəkar karyerasına İngiltərənin “Mançester Siti” klubunda başlayıb. O, “Portsmut”, “Bləkbörn”, PSV, “Olimpik” (Marsel), “Herta” kimi klublarda da forma geyinib. Rekik Niderland yığmasında da 4 oyun keçirib.

“Sevilya” digər müdafiəçisi Xose Anxel Karmonanı da “Xetafe”yə icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı ispan futbolçu ilə icarə müqaviləsi 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Karmona ötən mövsümü də icarə əsasında “Elçe”də keçirib. O, bu komandanın heyətində ümumilikdə 9 oyuna çıxıb, 1 qol vurub. “Sevilya”nın öz yetirməsi olan futbolçu doğma klubunun əsas komandasında da 17 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xose Anxel Karmona ötən ildən İspaniyanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: