Futbol üzrə Türkiyə milli komandasının və İtaliyanın “Sassuolo” klubunun müdafiəçisi Kaan Ayhan bundan sonra Super Liqada oynayacaq. Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyə nəhəngi “Qalatasaray”a keçib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. “Qalatasaray” onu İtaliya klubundan satınalma şərti ilə icarəyə götürüb. Təcrübəli müdafiəçi ən azı bu mövsümün sonunadək bu komandanın formasını geyinəcək. “Sarı-qırmızılılar” bunun üçün qarşı tərəfə 400 min avro təzminat ödəyib. İstanbul klubu yayda oyunçunu 2.8 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna da sahib çıxıb. Futbolçu özü isə bu mövsüm “Qalatasaray”da 9.5 milyon TL (təxminən 460 min avro) qazanacaq.
Kaan Ayhan 2020-ci ilin sentyabr ayında Almaniyanın “Fortuna” (Düsseldorf) klubundan 2.5 milyon avro qarşılığında “Sassuolo”ya transfer olunmuşdu. Mərkəz müdafiəçisi bu komandada bütövlükdə 55 matça çıxıb və 2 qola imza atıb. Almaniyada dünyaya göz açmış futbolçu “Şalke”nin yetirməsidir. O, bu ölkədə “Şalke” və “Fortuna”dan başqa, “Ayntraxt” (Frankfurt) klubunun da uğurları üçün çalışıb. Almaniyanın U-16, U-17, U-18, Türkiyənin U-17 və U-21 yığmalarının formasını geyinmiş Kaan, 2016-cı ildən qardaş ölkənin əsas milli komandasında forma geyinir. O, “ay-ulduzlar”ın heyətində 47 matça çıxıb, 5 qol vurub.
“Sassuolo”da daha 2 ayrılıq
Yeri gəlmişkən, “Sassuolo” türkiyəli futbolçusundan başqa, hücumçuları Janis Antistlə Rikkardo Çyervonu da icarəyə verib. Antist Fransanın “Amyen”, Çyervo isə İtaliyanın “Venetsiya” klubuna keçib. Onların hər ikisi 2023-cü ilin 30 iyununa kimi icarədə olacaq. Amma Ayhandan fərqli olaraq, bu iki futbolçunun icarə müqaviləsində satınalma ilə bağlı şərt yoxdur.
İtaliyadan olan Rikkardo Çyervo “Roma”nın yetirməsidir. O, “Sassuolo”ya keçənə qədər “Sampdoriya”da icarədə oynayıb. 20 yaşlı hücumçu 2022-ci ildə 2 milyon avro qarşılığında “Sassuolo”ya transfer olunub. Amma bu klubun əsas komandasında debüt etməmiş gənc futbolçu “Frozinone”yə icarəyə göndərilib.
Janis Antist isə Fransanın “Tuluza” klubunun yetirməsidir. Fransadan olan 20 yaşlı futbolçu 2021-ci ilin avqust ayında 4.6 milyon avro qarşılığında İtaliyanın “Spetsiya” klubuna keçib. 2022-ci ilin avqustunda isə “Sassuolo” 6 milyon avro ödəyərək onu öz heyətinə qatıb. O, bu klubun əsas komandasında 2 oyuna çıxıb, 1 qol vurub. Antist Fransanın U-16, U-17, U-20 və U-21 yığmalarında da oynayıb.


