Kabo Verde millisi vətəndə qəhrəman kimi qarşılandı

Futbol üzrə dünya çempionatında (DÇ-2026) uğurlu çıxışdan sonra Kabo Verde millisinin futbolçuları vətənlərində böyük coşqu ilə qarşılanıblar.

Arena.az xəbər verir ki, ölkənin paytaxtı Praya şəhərində yerləşən Nelson Mandela Beynəlxalq Hava Limanında komandanı yüzlərlə azarkeş, dövlət rəsmiləri və Kabo Verde Futbol Federasiyasının nümayəndələri qarşılayıblar.

Komandanın vətənə qayıdışı ölkənin müstəqilliyinin 51-ci ildönümünə təsadüf etdiyindən mərasim xüsusi rəmzi məna daşıyıb.

Daha sonra futbolçular açıq yük avtomobili ilə şəhər küçələrində parad ediblər. Küçələrə axışan minlərlə azarkeş onları milli bayraqlar, plakatlar və “Obrigado” (“Təşəkkürlər”) şüarı yazılmış bannerlərlə alqışlayıb. Bayram tədbirləri Kebra-Kanela çimərliyində musiqi və rəqslərlə davam etdirilib.

Kabo Verde millisi tarixində ilk dəfə dünya çempionatına qatılıb və turnirin əsas sürprizlərindən birinə çevrilib. Afrika təmsilçisi qrup mərhələsində İspaniya (0:0), Uruqvay (2:2) və Səudiyyə Ərəbistanı (0:0) ilə heç-heçə edərək pley-offa yüksəlib. Komanda 1/16 finalda yalnız əlavə vaxtda son dünya çempionu Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Təxminən 500 min əhalisi olan Kabo Verde bununla dünya çempionatı tarixində pley-off mərhələsinə yüksəlmiş ən az əhalisi olan ölkə kimi tarixə düşüb.

Komandanın uğurlu çıxışında 40 yaşlı qapıçı Vozinya xüsusi rol oynayıb. Təcrübəli qolkiper turnirin əsas kəşflərindən biri hesab olunub. Argentina ilə oyundan sonra o, Lionel Messi tərəfindən təriflənib. Həmçinin matçdan sonra Vozinyanın məyus komanda yoldaşlarını meydandan qaldırdığı görüntülər sosial şəbəkələrdə geniş yayılaraq böyük rəğbət qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: