“Qarabağ”ın sabiq futbolçusu, braziliyalı yarımmüdafiəçi Kadi Borges Rusiyanın “Krasnodar” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu Macarıstanın “Ferentsvaroş” klubuna keçib. Sözügedən klubdan verilən məlumata görə, Kadi ilə 3 illik müqavilə imzalanıb. Macarların bu transfer üçün “Krasnodar”a 2 milyon avro ödədiyi bildirilir.
Xatırladaq ki, Kadi 2023-cü ilin yanvarında məhz “Qarabağ”dan “Krasnodar”a transfer olunmuşdu. Həmin vaxt Ağdam klubunun onun satışından azı 2 milyon avro qazandığı məlumdur. Braziliyalı futbolçunun bu yay “Qarabağ”a qayıdacağı gözlənilirdi. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi vurğulanırdı. Bu üzdən də Borgesin son anda “Ferentsvaroş”a üstünlük verməsi bir qədər gözlənilməz olub.
Kadi Borges “Krasnodar”ın heyətində 44 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Tam adı Kadi Borges Malinovski olan futbolçu 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubunun heyətində bütövlükdə 74 oyuna çıxıb. Hücumameyilli yarımmüdafiəçi bu oyunlarda 28 qol və 28 məhsuldar ötürmə müəllifi olub.
“Koritiba”nın yetirməsi olan Kadi Borgesin “Qarabağ”dan öncəki son klubu Portuqaliya 2-ci Liqasında mübarizə aparan “Vilafrankense” olub. O, Portuqaliyada “Eştoril”in də uğurları üçün çalışıb.



