İspaniyanın “Kadis” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi yarımmüdafiəçilər – Brayan Okampo, Teo Bonqonda və Ruben Alkarası heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Okampo və Bonqonda ilə 4, Alkarasla 2 illik müqavilə imzalanıb.
Uruqvaydan olan Brayan Okampo bu ölkənin “Nasyonal” klubundan transfer olunub. 23 yaşlı vinger 2018-ci ildən bu klubun əsas komandasında oynayırdı. O, yetirməsi olduğu komandada 120 oyuna 10 qol vurub. Ötən il Uruqvay yığmasında da debüt edən futbolçunun İspaniya klubuna keçidi 1.9 milyon avroya başa gəlib.

Teo Bonqonda isə Belçikanın “Genk” klubundan transfer edilib. La Liqa təmsilçisi 26 yaşlı vingerin transferi üçün belçikalılara 3 milyon avro ödəyib. Bu ildən Konqo yığmasında da oynamağa başlamış Bonqonda, 2019-cu ildən “Genk”in uğurları üçün çalışırdı. O, daha öncə “Sulte Varegem”, “Selta” və “Trabzonspor”da da forma geyinib.

Ruben Alkaras isə “Valyadolid”dən transfer olunub. O, bu ilin yanvarında icarə əsasında “Kadis”ə keçmiş və bu komandada 15 oyuna 2 qol vurmuşdu. Sözügedən klub bu yay futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Lakin keçidin maddi detalları açıqlanmır. İspaniyadan olan 31 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “Valyadolid”də çıxış edirdi. O, daha öncə “Almeriya”, “Jirona”, “Hospitalet”, “Prat”, “Qramenet” və “Horta”da da oynayıb.

“Kadis” Alberto Perea və Xorxe Pombo ilə də yollarını ayırıb. Perea azad agent kimi “Qranada”ya, Pombo isə “Rasinq”ə keçib. Onlar yeni klubları ilə müvafiq olaraq, 1 və 2 illik müqavilə imzalayıblar.
Alberto Perea 2017-ci ilin yayından “Kadis”də çıxış edirdi. O, bu komandada 118 matça çıxıb. İspaniyadan olan 31 yaşlı vinger “Albasete”, “Atletiko”, “Rayo Valyekano”, “Lyaqostera”, “Olot” və “Ekstremadura”da da oynayıb. Xorxe Pombo isə 2020-ci ildən oynadığı “Kadis”də cəmi 19 oyun keçirib və 1 qol vurub. 28 yaşı olan hücumameyilli yarımmüdafiəçi “Saraqosa”nın yetirməsidir. O, bu koanda ilə yanaşı, “Ovyedo”da da oynayıb.
“Kadis” Martin Kalderonu (23 yaş, yarımmüdafiəçi) “Selta”ya, İvan Çapelanı (23 yaş, yarımmüdafiəçi) isə “Unionistas”a icarəyə verdiyini də açıqlayıb.
“Valyadolid”də yeni futbolçu
Ruben Alkarası “Kadis”ə göndərən “Valyadolid” də heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub “Saraqosa”dan Xuan Xose Narvaesi transfer edib. 27 yaşlı hücumameyilli yarımmüdafiəçidir. O, 2020-ci ildən “Saraqosa”da çıxış edirdi. Kolumbiyalı futbolçu Madrid “Real”ının gənclərdən ibarət komandalarında, həmçinin “Deportivo Pasto”, “Betis”, “Kordoba”, “Almeriya” və “Las Palmas”da oynayıb. O, “Valyadolid”lə 3 illik müqavilə bağlayıb.

“Valyadolid” Huqo Valyexonu (22 yaş, yarımmüdafiəçi) “Ponferradina”ya, Seku Qassamanı isə (27 yaş, hücumçu) “Rasinq”ə icarəyə verib. Hər iki oyunçu bu mövümün sonuna kimi icarədə olacaq.
Toni Vilya isə bu komandadan birdəfəlik ayrılıb. 27 yaşlı vinger “Jirona”ya keçib və klubla 3 illik müqavilə bağlayıb. “Valyadolid”in öz yetirməsi olan ispan futbolçu, bu komandada 155 oyuna çıxıb.



