Kafu: “İrqçilik tərbiyədəki fəsad məsələsidir”

Dünya futbolunun braziliyalı əfsanəsi, keçmiş sağ cinah müdafiəçisi Kafu irqçilik fəsadı ilə bağlı söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Kafu bu məsələdə fəal mübarizə mövqeyi seçmiş həmyerlisi, “Real”ın 24 yaşlı braziliyalı ulduz hücumçusu Vinisius Junioru misal çəkib:

“Biz bununla mübarizə aparmalıyıq. İrqçilik – bu, tərbiyədəki fəsad məsələsidir. İnsanları maarifləndirmək gərəkdir ki, onlar bərabərlikdə yaşaya bilsinlər. Vinisius isə bunu meydanda futbolun köməyi ilə həyata keçirməyə çalışır”, deyə Kafu vurğulayıb.

Əlavə edək ki, Vinisius özü dəfələrlə irqi təhqirlərə məruz qalsa da, bu yolverilməz davranışa qarşı ən fəal mübarizə aparan futbolçudur.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 46 oyuna çıxıb, 20 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 311 oyun, 105 qol, 82 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: