“Kalyari” Maykl Folorunşonu icarəyə götürdü

“Kalyari” 27 yaşlı italiyalı mərkəz yarımmüdafiəçisi Maykl Folorunşonu “Napoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə “Kalyari”nin mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər müddətdə qüvvədə olacaq.

Keçid Folorunşonun yeni klubuna 500 min avro məbləğ müqabilində başa gəlib.

Maykl Folorunşo “Latsio”nun məzunudur. Yarımmüdafiəçi böyük futbolda “Virtus Frankavilla”nın heyətində debüt edib, ardınca “Napoli”də, həmçinin icarə əsasında “Bari”, “Recina”, “Pordenone”, “Ellas Verona” və “Fiorentina”da çıxış edib.

Geridə qalmış mövsümün birinci dövrəsi ərzində Folorunşo “Napoli” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 7 oyun keçirib, mövsümün ikinci dövrəsində isə “Fiorentina” üçün 19 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Maykl Folorunşo 2024-cü ilin iyun ayında debüt etdiyi İtaliya yığması üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

Maykl Folorunşonun qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtalya çempionluğu (2024/2025) var.

“Transfermarkt” internet-portalı 27 yaşlı italiyalı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: