Kamavinqa qardaşları Madriddə biznes açırlar

“Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa və qardaşı Sebastyao yaxın vaxtlarda Madriddə biznes açmaq niyyətindədirlər.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, xüsusi binada artıq abadlıq işləri aparılır və orada “Camavinga House” adı yazılmış lövhə var. Mağaza yaxın günlərdə açılmalıdır. Hazırda qardaşların hansı bizneslə məşğul olmaq istədikləri barədə dəqiq məlumat yoxdur, amma mənbənin qeyd etdiyi kimi, Eduardu futboldan asudə vaxtlarında moda dünyasını fəal şəkildə izləyir. Beləcə, 2022-ci ilin yayında Kamavinqa moda nəhəngi “Balenciaga”nın şousunda iştirak etmiş ilk futbolçu olub. Buna əsaslanaraq, çox güman ki, qardaşların yeni açılacaq mağazası xüsusi olaraq bu səmtə yönəlmiş bir biznez sahəsini təmsil edəcək.

Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Eduardo “Real”ın heyətində 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 12 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Eduardo Kamavinqanı 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: