“Real”ın baş məşqçisi Karlo Ançelotti qapıçı Andrey Luninin La Liqanın 2-ci turunda “Almeriya” ilə oyuna start heyətində çıxacağını bildirib.
Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir:
“Kepa Arrisabalaqa çox yaxşı uyğunlaşır, amma onun uyğunlaşması hələ də davam etdiyi üçün indi biz “Atletik”ə qarşı çox yaxşı oynamış Andrey Luninlə işləməyə davam edəcəyik.
Növbəti oyunlarda nələr olacaq – görəcəyik. Biz Kepanı tanıyırdıq, o, özünün keyfiyyətlərini göstərir. Lunin və Kepanı rotasiya edəcəyəmmi, bilmirəm. Həqiqət budur ki, Kepa artıq çox yüksək səviyyəyə malikdir. O, gəncdir, eyni zamanda çox təcrübəlidir.
Lunin isə təcrübədən azacıq məhrumdur ki, bu da gənc oyunçu üçün tamamilə normaldır. Üç gündən bir oynadığımız zaman bizim rotasiya edəcəyimizi düşünmürəm”, deyə Karlo Ançelotti bildirib.
Cari mövsümdə Andrey Lunin “Real”ın heyətində 1 oyun keçirib. Ukraynalı qolkiper həmin oyunda qapısını toxunulmaz saxlaya bilib.
Kepa Arrisabalaqa isə “Çelsi”dən cari mövsümün sonuna qədər icarəyə götürülüb. İspan qapıçının müqaviləsində mütləq satınalma maddəsi yer almayıb və bu, onun cari mövsüm bitincə Londona, “zadəganlar”ın düşərgəsinə qayıtması deməkdir. Kepa hələ “qaymaqlılar”ın heyətində debüt etməyib.
Xatırladaq ki, “Real”ın əsas qapıçısı belçikalı Tibo Kurtua bir müddət əvvəl məşq zamanı zədələnib və sol dizinin ön çarpaz bağlarının yırtığı diaqnozu ilə əməliyyata qaldırılıb. Kurtua üçün mövsüm başlamamış bitib. Əməliyyatdan sonra bərpa kursu keçməli olan belçikalı qapıçının bütün mövsümü buraxacağı təxmin edilir.


