Karlos Alkaras “Yuventus”da – Rəsmi

İngiltərənin “Sauthempton” klubunun argentinalı mərkəz yarımmüdafiəçisi Karlos Alkaras bundan sonra “Yuventus”un şərəfini qoruyacaq.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Turin təmsilçisi gənc futbolçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. İcarə müddəti cari lin iyun ayının sonuna qədər nəzərdə tutulub. “Qoca Sinyora” icarə haqqı olaraq İngiltərə klubuna 3,9 milyon avro məbləğ ödəyib. Bonuslarla bu məbləğin 5,6 milyona çatması mümkündür. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub. Turin təmsilçisi argentinalını birdəfəlik heyətinə qatmaq istəsə, yayda 50 milyon avro ödəməli olacaq.

Karlos Alkaras Argentinanın “Rasinq” klubunun yetirməsidir. Yarımmüdafiəçi buradan 2023-cü ilin yanvarında 13,65 milyon avro qarşılığında “Sauthempton”a keçib.

Cari mövsümün ilk yarısında Alkaras “Sauthempton”un heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun İngiltərə klubundakı karyerası 47 oyun, 8 qol və 5 assistdən ibarətdir.

Karlos Alkaras Argentinanın əsas yığmasına dəvət alsa da, hələ debüt imkanı qazanmayıb. Buna qədər Alkaras “albiseleste”nin U-23 yığmasında çıxış edib.

“Transfermarkt” internet-portalı 21 yaşlı argentinalının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: