İtaliya yığması və “Real”ın italyan keçmiş hücumçusu Antonio Kassano “Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldonu tənqid edib.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis Ronaldonun komandaya təsir edə bilməməsi səbəbindən, futbol oynamağı bacarmadığı qənaətindədir:
“O, futbol oynamağı bacarmır. Ronaldo 3000 qol vura bilər, mənim üçün bunun fərqi yoxdur. Qonsalo İquain, Aquero, Benzema, Levandovski, İbrahimoviç və Suares komanda ilə necə ünsiyyət qurmağı bilirdilər. Tək məqsədi həmişə qol vurmaq olan Ronaldodan fərqli olaraq, onlar çox şey etməyi bacarırdılar”, deyə Kassano fikrini əsaslandırıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 6 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.