“Çelsi”nin dayaq yarımmüdafiəçisi Moyses Kaysedo sabiq baş məşqçi Maurisio Poçettinonun komandaya aşıladığı oyun üslubundan danışıb.
Arena.az ekvadorlu futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Brayton”da hər şey taktikaya əsaslanırdı, ancaq topla iş; taktika, taktika, taktika. Amma “Çelsi”də qaçmalı, qaçmalı, qaçmalı idin və bu, mənim üçün çox çətin idi. “Çelsi”də mən daha çox qaçıram, amma “Brayton”la biz demək olar ki, həmişə topa sahib idik”, deyə Kaysedo argentinalı mütəxəssisin oyun üslubundan narazılıq edib.
Xatırladaq ki, bu il may ayının 21-də argentinalı mütəxəssis və “zadəganlar”ın rəhbərliyi qarşılıqlı razılıq əsasında əməkdaşlıq müqaviləsinə xitam veriblər.
Maurisio Poçettino “Çelsi”nin baş məşqçisi vəzifəsinə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub. Komandanın top fərqi isə 107:76 nisbətindədir.
Vurğulayaq ki, “Çelsi” ötən mövsüm avrokuboklarda iştirak etməyib. Komanda İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümünü 63 xalla 6-cı pillədə başa vuraraq, növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.
“Çelsi” həmçinin İngiltərə Liqa Kubokunun finalçısı olub və burada “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.
İngiltərə Kubokunda isə “zadəganlar” mübarizəyə yarımfinal mərhələsində, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olaraq xitam veriblər.
Sonda onu da qeyd edək ki, “Çelsi” Poçettino ilə vidalaşdıqdan sonra baş məşqçi postuna Entso Mareskanı gətirib.


