“Kayserispor” 3 futbolçusu ilə müqavilə yenilədi

Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubu bir gündə üç futbolçusu ilə yeni müqavilə imzalandığını açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə imza atan futbolçulardan biri Dimitrios Kolovetsiosdur. Yunanıstandan olan mərkəz müdafiəçisi 2 illik yeni sözləşməyə imza atıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna kimi idi.

Dimitrios Kolovetsios Kayseri təmsilçisinə 2020-ci ilin avqust ayında Yunanıstanın “Panatinaikos” klubundan transfer olunmuşdu. 31 yaşlı futbolçu Super Liqa təmsilçisində indiyə qədər 83 (Super Liqada 78, Türkiyə kubokunda 5) matça çıxıb və 2 qola imza atıb.

Yav Akkah da Super Liqa klubu ilə yeni sözləşmə imzalayıb. Qanadan olan 23 yaşlı yarımmüdafiəçi 3 illik müqavilə bağlayıb. Kayseri təmsilçisi onu 2020-ci ilin avqustunda Portuqaliyanın “Boavişta” klubundan transfer edib. Bu mövsümə qədər “Ərzurumspor” və “Keçiörengücü” klublarında icarədə oynamış futbolçu Super Liqa təmsilçisində 25 oyun keçirib, 1 qol vurub. O, Qananın gənclərdən ibarət yığmasında da oynayıb.

“Kayserispor” gənc yarımmüdafiəçisi Ethem Balcının da müqaviləsinin müddətini uzadıb. Tərəflər 3 illik yeni sözləşməyə imza atıblar.

Ethem Balcı futbola “Kayseri Ərciyəsspor” klubunda başlayıb. O, indiki klubuna 2016/17 mövsümündən öncə transfer olunub, 2021/22 mövsümündə isə ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı sağ cinah vingeri Kayseri təmsilçisində indiyə qədər cəmi 2 matça çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: