“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro “qırmızı şeytanlar”ın hazırkı nəticələri ilə bağlı fikirlərini paylaşıb.
Arena.az Kazemironun bu barədə fikirlərini təqdim edir:
“Bu, mürəkkəbdir. Qənimətlər uğrunda mübarizə aparmamağım məni qıcıqlandırır. Birinci yerdən fərq 20 xaldır. Bəzən buna görə yata bilmirəm. Bu, gerçəklikdir. Çempionlar Liqasında qənimət və ya yerlər haqda fikirləşməyin mənası yoxdur, indiki oyunları düşünməliyik. Son oyunlarda 9 xal qazanmaq imkanımız oldu, amma iki qol vurduq, buna görə də əsəb keçiririk”, deyə braziliyalı futbolçu bildirib.
Qeyd edək ki, Erik ten Haqın rəhbərliyi altında uğursuz mövsüm keçirən “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 31 oyunda 49 xal toplayıb. Komanda bu göstərici ilə turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Premyer Liqaya 71 xala malik “Arsenal”la “Liverpul” şərikli liderlik edirlər.
Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi “Mançester Yunayted”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub. Kazemironun “Mançester Yunayted” karyerası bütövlükdə 75 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir.
Kazemiro hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


