Kazemiro “Real”dan ayrılanda Ançelotti öz iş otağında ağlayıb

“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro Madrid “Real”ından ayrıldığı məqamı duyğusalcasına xatırlayıb.

Arena.az “El Chiringuito” dərgisinə istinadən, braziliyalı futbolçunun bu barədə xatirəsini təqdim edir:

“Getməyim ərəfəsində Ançelottinin is otağına daxil oldum, o isə ağlayırdı. Ondan soruşdum: “Nə üçün ağlayırsınız? O, cavab verdi: “Kaze”, bilmirəm. Sadəcə bilməyini istəyirəm ki, mən səni sevirəm və getməyini istəmirəm”, deyə təcrübəli yarımmüdafiəçi kövrələrək xatirəsini paylaşıb.

“Onda mən getməyimə, dəyərmi, deyə şübhə etdim”, braziliyalı futbolçu əlavə edib.

Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kazemiro “Mançester Yunayted”in heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib. Kazemironun “Mançester Yunayted” karyerası ümumilikdə 77 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı yarımmüdafiəçi “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.

Braziliyalı futbolçu “Mançester Yunayted” və “Real”dan başqa “San Paulo” və “Portu”da da forma geyinib.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.