Kazemiro rekord qırdı, zədə aldı və çempionluqdan danışdı

Braziliya millisinin futbolçusu Kazemiro DÇ-2026-nın 1/16 finalında Yaponiya ilə oyunda həm dünya çempionatları tarixinə düşüb, həm də zədə alıb.

Arena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2:1 hesablı qələbə qazandıqları oyunun 14-cü dəqiqəsində yaponiyalı hücumçu Dzyun İtoya qarşı kobud oyuna görə sarı vərəqə alıb.

Bu, Kazemironun 2018-ci ildən bəri dünya çempionatlarında gördüyü beşinci sarı vərəqə olub. Bununla da braziliyalı yarımmüdafiəçi mundiallar tarixində həmin dövr ərzində ən çox sarı vərəqə alan futbolçu adına sahib çıxaraq yeni rekord müəyyənləşdirib.

Lakin oyun Kazemiro üçün uğurlu sonluqla bitməyib. O, matçın sonlarında zədələndiyi üçün əvəzlənib. İlkin məlumata görə, təcrübəli futbolçunun qasıq nahiyəsində əzələ zədəsi var. Onun nə qədər yaşıl meydanlardan kənarda qalacağı tibbi müayinədən sonra dəqiqləşəcək.

Oyundan sonra Kazemiro komandasının xarakterini xüsusi vurğulayıb:

“Bugünkü əsas üstünlüyümüz mentalitetimiz idi. Hücum xəttində təzyiqi bir an belə azaltmadıq. Dünya çempionatında ehtiyat oyunçular skamyasından meydana daxil olaraq oyunu gücləndirən futbolçuların rolu çox böyükdür. Endrik əla oynadı, Martinelli də möhtəşəm çıxış etdi. Rayan isə Rafinyanı layiqincə əvəz edir. Bizə məhz belə komanda ruhu lazımdır. Düşünürəm ki, dünya çempionu olmaq üçün lazım olan heyətə sahibik”.

Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi Yaponiyanı 2:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/8 finalına yüksəlib. “Selesao” növbəti mərhələdə Kot-d’İvuar – Norveç cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: