Kazemiro ünvanına səslənən tənqidləri cavabladı

“Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi Kazemiro cari mövsümdə ona ünvanlanan tənqidlərlə razılaşmır.

Arena.az braziliyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən keçən mövsüm Premyer Liqanın ən yaxşı transferlərindən biri hesab edilirdim. İndi heç nəyə dəyər deyiləm? Tənqid hörmətsizlikdir. Ona görə də hörmətsizlik olanda bu, narahatlıq yaradır”, deyə braziliyalı futbolçu bildirib.

Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kazemiro “Mançester Yunayted”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, “qırmızı şeytanlar”ın azarkeşləri braziliyalı futbolçunun çıxışından elə də məmnun deyillər. İngilis fanatlar zaman-zaman onun ünvanına tənqidi fikirlər səsləndirirlər.

Kazemironun “Mançester Yunayted” karyerası ümumilikdə 83 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: