Kelvin Amian gəldi, Adson satıldı

İtaliyanın “Spetsiya” klubunun sağ cinah müdafiəçisi Kelvin Amian bundan sonra “Nant”ın uğurları üün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Liqa 1 təmsilçisi Kelvinin transferi üçün “Spetsiya”ya 3 milyon avro ödəyib. Fransadan olan 25 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Kelvin Amian Fransanın “Tuluza” klubunun yetirməsidir. O, “Spetsiya”ya 2021-ci ilin iyul ayında 3,9 milyon avro qarşılığında keçmişdi. Bu müddət ərzində müdafiəçi İtaliya klubunun heyətində 156 oyuna çıxıb, 5 qol vurub, eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.

Amian vaxtilə Fransanın U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Nant” hücumameyilli yarımmüdafiəçisi Adson Ferreyra Soaresi də Braziliyanın “Vasko da Qama” klubuna satıb. Braziliyadan olan 23 yaşlı futbolçunun satışı Fransa klubuna 5 milyon avro qazandırıb. 23 yaşlı pleymeyker “Vasko da Qama” ilə 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.

Adson Ferreyra Soares “Nant”a 2023-cü ilin avqust ayında “Korintians”dan elə 5 milyon avroya transfer edilmişdi. Yarımmüdafiəçi Liqa 1 təmsilçisinin heyətində cəmi 8 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Görünür, Fransaya uyğunlaşa bilməyən futbolçu ziyanın yarısından dönərək, vaxtında ölkəsinə qayıtmağı daha üstün tutub. O, vaxtilə yetirməsi olduğu “Korintians”ın əsas komandasında 114 oyuna 13 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini elə 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: