Kepa Arrisabalaqa rəsmən “Real”da!

Futbol üzrə İspaniya milli komandasının və İngiltərənin “Çelsi” klubunun qapıçısı Kepa Arrisabalaqa Madrid “Real”ına keçib.

Arena.az bu barədə “Kral klubu”nun rəsmi saytına istinadən məlumat verir.

Qapıçı İspaniyaya uçub və hazırda Madriddədir, lazımi sənədləri imzalamağa hazırdır. Arrisabalaqa “Real”da icarə əsasında çıxış edəcək. Müqavilədə futbolçunun mütləq satınalınmasına dair maddə əksini tapmayacaq, qapıçı icarə müddətinin sonunda – 2024-cü ilin iyun ayının sonunda Londona qayıdacaq. Rəsmi məbləğ açıqlanmasa da, “Real”ın Kepanın icarəsi müqabilində “zadəganlar”a 1 milyon avro ödəyəcəyi haqda müxtəlif mənbələrədə məlumat yayılıb.

Hadisələrin təqvimə uyğun cərəyan edəcəyi halda, Arrisabalaqanın təqdimatının çərşənbə axşamına nəzərdə tutulduğu deyilir. Kepa “Real”da 46 nömrə altında çıxış edəcək.

Xatırladaq ki, “Real” əsas qapıçısı belçikalı Tibo Kurtuanın məşq zamanı zədələnməsi ilə tələsik surətdə yüksək səviyyəli qapıçı axtarışına çıxaraq, diqqətini Arrisabalaqanın üzərində saxlayıb. Tibo Kurta mövsümün sonuna qədər sıradan çıxıb. Sol dizinin ön çarpaz bağlarının yırtığı diaqnozu qoyulan belçikalı qapıçı əməliyyatdan sonra uzun bərpa kursu keçməlidir.

Kepa Arrisabalaqa “Çelsi”yə 2018-ci ilin avqust ayında yetirməsi olduğu Bilbao “Atletik”indən 80 milyon avro qarşılığında keçib. O, London təmsilçisində bütövlükdə 163 oyun keçirib, 175 qol buraxıb, 59 matçdan “quru” çıxıb. Kepa daha öncə vətənində “Real Valyadolid”lə “Ponferadina”nın da formasını geyinib.

Arrisabalaqa 2017-ci ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib, 6 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

Arrisabalaqanın “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 28 yaşlı Kepa Arrisabalaqanı 18 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Çelsi” digər qapıçısı Qabriel Sloninanı da Belçikanın “Eupen” klubuna icarəyə verib. Amerikalı 19 yaşlı qolkiper mövsümün sonuna kimi icarədə olacaq. “Çikaqo Fayr” klubunun yetirməsi 2022-ci ildən “Çelsi”də olsa da, əsas komandada debüt şansı qazanmayıb.

“Çelsi”nin sağ cinah müdafiəçisi Henri Lourens də Belçikanın “Standart” klubuna keçib. 21 yaşlı ingilis futbolçu yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: