“Real”da 1 illik icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa gələcək karyerası ilə bağlı planlarından danışıb.
Arena.az jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, ispan qapıçı “Real”da oynamağa davam etmək istəyindədir:
“Əlbəttə, gələcəkdə “Real”da qalmaq istərdim. Kim belə böyük klubda çıxış etməyə davam etmək istəməz ki? Mən burada çox, çox xoşbəxtəm”, deyə Kepa bildirib.
Xatırladaq ki, “Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua cari ilin avqust ayının əvvəlində zədələnərək, sol dizinin ön çarpaz bağının yırtığı ilə mövsümə elə, başlamamış xitam verib. “Real” Kurtuanı əvəzləmək üçün tələsik surətdə qapıçı axtarışlarına baş vurub və diqqətini Kepanın üzərində saxlayaraq, ispan qapıçını mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürüb.
Kepa Arrisabalaqa ötən mövsümdə “Çelsi”nin heyətində 39 oyun keçirib, 45 qol “yeyib”, 12 oyundan “quru” qurtulub. O, “zadəganlar”ın heətində bütövlükdə 163 oyun keçirib (175 buraxılan qol, 59 “quru” matç). Cari mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 9 oyuna çıxıb, 7 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edib.
Kepa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb. O, öz ölkəsində “Atletik”, “Valyadolid” və “Ponferradina”nın da uğurları üçün çalışıb.
Vurğulayaq ki, Kepa “Real”ın onu icarəyə götürmək istədiyi ərəfədə “Bayern”ə keçmək imkanına malik olub. “Kral klubu”nun təklifini alınca, qapıçı seçimini doğma ölkəsinin xeyrinə edib.
“Transfermarkt” internet-portalı 28 yaşlı Kepa Arrisabalaqanı 18 milyon avro məbləğində qiymətləndirir.


