Kepa Arrisabalaqa “Real”la vidalaşdı

Transfer hüquqları İngiltərənin “Çelsi” klubuna məxsus olan ispan qapıçı Kepa Arrisabalaqa İspaniya çempionu “Real”la vidalaşıb.

Arena.az xəbər verir ki, Arrisabalaqa artıq geridə qalmış 2023/2024 mövsümünü həmişə xatırlayacağını bildirib:

“Bu komandanı, bu tarixi, bu klubu təmsil etmək həqiqətən xüsusi bir şeydir. Bu mövsümü ömrümün sonuna qədər xatırlayacağam. Bu formanı geyinməkdən çox qürur duyuram. Bu, gözəl idi. Çox sağ olun”.

Xatırladaq ki, “Real” bir neçə gün əvvəl finalda Dortmund “Borussiya”sı üzərində 2:0 hesablı qələbə sayəsində UEFA Çempionlar Liqasının qalibi olub. İspaniyalı qolkiper oyunu ehtiyat oyunçular skamyasında keçirib. Arrisabalaqa “Real”la həm də İspaniya çempionatının qalibi olub.

“Real” Kepa Arrisabalaqanı 2023-cü ilin avqustunda bir mövsümlük icarəyə götürmüşdü. Geridə qalmış mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 20 oyuna çıxıb, 18 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib.

29 yaşlı futbolçu “Real”la icarə müqaviləsinin müddəti bitdiyi üçün “Çelsi”yə qayıdıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir. İspan qapıçının “zadəganlar”ın heyətində karyerası isə 163 oyun, 175 buraxılmış qol və 59 “quru” matçdan ibarətdir.

Kepa daha öncə “Atletik”, “Real Valyadolid”, “Ponferradina” kimi klubların da formasını geyinib.

Kepa Arrisabalaqa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda forma geyinib. O, bu matçlarda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı Kepa Arrisabalaqanı 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: