İngiltərə Premyer Liqasının 30-cu turunun “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin futbolçusu Kevin De Bröyne üçün əlamətdar olub. Arena.az xəbər verir ki, belçikalı yarımmüdafiəçisi komandasının səfərdə qazandığı 4:1 hesablı qələbədə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Belə ki, Erlinq Halandın 45-ci dəqiqədə vurduğu ilk qolun assistini məhz De Bröyne edib. Bununla da 31 yaşlı yarımmüdafiəçi “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 100 məhsuldar ötürmə edən ilk futbolçuya çevrilib.
İngiltərə Premyer Liqasında De Bröynedən daha çox assist müəllifi olan dörd futbolçu var. Rekord isə Sesk Fabreqasa məxsusdur:
Sesk Fabreqas – 111 assist
Ueyn Runi – 103 assist
Frenk Lempard – 102 assist
Rayan Giqqz – 102 assist
Bu siyahıda hələlik beşinci olan belçikalı ulduz İngiltərə çempionatında 100 məhsuldar ötürmə həddinə ən tez çatan futbolçu olub. O, bunu Premyer Liqada iştirakçısı olduğu 237 matçında rəsmiləşdirib. Fabreqas 100 assist həddinə 293, Giqqz 367, Runi 445, Lempard isə 559-cu matçında çatıb. De Bröynenin elə bu mövsüm məhsuldar ötürmə sayında Giqqz, Lempard və Runini geridə qoyacağı da şübhə doğurmur.
Yeri gəlmişkən, De Bröynenin ən çox məhsuldar ötürmə verdiyi futbolçuların siyahısı da açıqlanıb. Bu siyahıya argentinalı hücumçu Serxio Aquero başçılıq edir:
Serxio Aquero – 19 assist
Qabriel Jezus – 14 assist
Rahim Sterlinq – 14 assist
Fil Foden – 7 assist
Erlinq Haland – 7 assist
Xatırladaq ki, Kevin De Bröyne 2015-ci ilin avqustunda Almaniyanın “Volfsburq” klubundan 76 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. Təcrübəli futbolçu “şəhərlilər”in heyətində meydana çıxdığı 345 oyunda 93 qola imza atıb, 145 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Genk” (113 oyun, 17 qol, 36 assist), “Volfsburq” (73 oyun, 20 qol, 37 assist), “Verder” (34 oyun, 10 qol, 10 assist) və “Çelsi”nin (9 oyun, 1 assist) də formasını geyinib. Yarımmüdafiəçi kapitanı olduğu Belçika milli komandasında da 99 matça çıxıb, 26 qol vurub.