Kevin De Bröyne Sesk Fabreqasa çatdı, qaldı Rayan Giqqz

Premyer Liqanın 37-ci tur “Fulhem”lə səfər oyunu (0:4) “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, belçikalı futbolçu bu oyunda məhsuldar ötürmə ilə fərqlənib.

Bu səmərəli fəaliyyəti ilə De Bröyne İngiltərə Premyer Liqasında 111-ci məhsuldar ötürməsinə imza atmış olub ki, bu da belçikalı futbolçuya “Arsenal”ın ispan sabiq yarımmüdafiəçisi Sesk Fabreqasa çatmaq imkanı verib. Beləliklə, hesabında 111 məhsuldar ötürmə olan De Bröynü İngiltərə Premyer Liqasında məhsuldar ötürmələrin sayı üzrə siyahının 2-ci pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqasında ən çox məhsuldar ötürmə müəllifi olmuş futbolçu isə “Mançester Yunayted”in uelsli sabiq yarımmüdafiəçisi Rayan Giqqzdir. Giqqzin hesabında 162 məhsuldar ötürmə var. Beləliklə, De Bröynə qarşıdakı mövsümlərində mütləq rekordu hədəfləyə bilər.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Bröyün şəhərlilərin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 6 qol vurub, 17 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, belçikalı yarımmüdafiəçi mövsümün ilk yarısını zədəli olub.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.