Futbol üzrə Almaniya millisinin və “Frayburq”un hücumçusu Kevin Şade İngiltərənin “Brentford” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Brentford” 21 yaşlı forvardla 5 illik müqavilə imzalandığını açıqlayıb. Xəbərdə futbolçunun transferi üçün klub tarixində rekord məbləğ ödənildiyi diqqətə çatdırılıb. Amma məbləğ açıqlanmayıb. “Transfermarkt” portalı isə İngiltərə klubunun bu keçidə görə “Frayburq”a 25 milyon avro ödədiyini yazıb.
Xatırladaq ki, Kevin Şade məhz “Frayburq”un yetirməsidir. Alman futbolçu Bundesliqa klubunun əsas komandasında 36 oyun keçirib, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu ilin yanvarında isə “Brentford” Şadeni icarəyə götürmüşdü. Gənc futbolçu Premyer Liqa təmsilçisində 19 oyuna çıxsa da, qol vura bilməyib. O, cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Brentford” mərkəz müdafiəçisi Etan Pinnok və sağ cinah vingeri Serxi Kanyosla da yeni müqavilə imzalandığını açıqlayıb. İspaniyadan olan 26 yaşlı Kanyosun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonuna kimi artırılıb.
İngiltərədən olan 30 yaşlı Pinnok isə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş sözləşməyə imza atıb. 2019-cu ilin yayından bu klubda forma geyinən Etan 154 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Kanyos isə 2017-ci ilin yanvarından “Brentford”da çıxış edir. Ötən mövsümün ikinci hissəsini Yunanıstan “Olimpiakos”unda icarədə keçirmiş ispan futbolçu Premyer Liqa təmsilçisində 249 oyuna 36 qol və 33 məhsuldar ötürmə müəllifi olub.
“Brentford” sol cinah vingeri Tarik Fosu və sağ cinah vingeri Joel Valensiya ilə də yollarını ayırdığını açıqlayıb. Onların hər ikisinin müqavilə müddəti bu ayın 30-da bitir. Klub müqaviləsini yeniləmək istəmədiyi bu oyunçularla vidalaşıb.
Fosu 2020-ci ildən oynadığı “Brentford”da 63 oyuna 5 qol vurub. Valensiya isə 2021-ci ildə qoşulduğu İngiltərə klubunda cəmi 24 oyuna çıxıb və 1 qola imza atıb.


