Kike Sançes Flores “Xetafe”dən qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Xetafe” komandasının baş məşqçisi Kike Sançes Flores istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub 58 yaşlı mütəxəssisə və köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İstefaya “Xetafe”nin cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib. Belə ki, komanda keçirdiyi 31 oyunda cəmi 31 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Klub La Lqianı tərk etmək təhlükəsi ilə üz-üzədir. Sonuncu qələbəsini martın 19-da “Sevilya” üzərində qazanmış “Xetafe” son beş oyunundan üçündə məğlub olub, cəmi iki heç-heçə edib.

Xatırladaq ki, Kike Sançes Flores 2021-ci ilin oktyabrından “Xetafe”yə rəhbərlik edirdi. Klub onunla 2022-ci ilin yayına 2 illik yeni müqavilə bağlamışdı. Bir sözlə, təcrübəli mütəxəssis 2024-cü ilin 30 iyununa kimi bu komandaya rəhbərlik etməli idi.

Flores daha öncə də iki dəfə bu komandanın baş məşqçisi olub. O, ilk dəfə 2004/05 mövsümündə sözügedən kollektivə rəhbərlik edib. “Xetafe” ikinci dəfə 2015-ci ildə ispan məşqçinin xidmətinə ehtiyac duyub.

Kike Sançes son fəaliyyət dönəmində “Xetafe”ni 66 oyuna çıxarıb. Komanda bu oyunlarda 18 qələbə qazanıb, 24 heç-heçə edib və 24 məğlubiyyətlə üzləşib.

İspan məşqçi daha öncə “Uotford”, “Şanxay Şenxua”, “Espanyol”, “Əl-Əyn”, “Əl-Əhli”, “Atletiko” (Madrid), “Benfika” və “Valensiya”da da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: