Kilan Lebon: “Çempionata tam hazır deyiləm”

2023/2024 mövsümünün qalan hissəsinə Türkiyədə hazırlaşan “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Antalya toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən fransalı futbolçu klubun “Youtube” telekanalına açıqlamasında öz durumundan da danışıb:

“Hazırlığa fərdi məşqlərlə davam edirəm. Buna görə ümumi məşqlər haqda nəsə deyə bilmərəm. Sevinirəm ki, komanda ilə birlikdəyəm və məşq edirəm. İki gündür məşqlərə başlamışam, çempionata tam hazır olduğumu deyə bilmərəm, amma ümid edirəm ki, topanışın sonuna qədər hazır olacağam.

Azarkeşlərə təşəkkürümü bildirirəm. Hər zaman dəstəklərini duyuruq. Onların nəticələrdən razı olmadığını bilirəm. Ona görə də çalışacağıq ki, çempionatın ikinci hissəsində daha yaxşı çıxış edək”.

Xatırladaq ki, Kilan Lebon 2023-cü ilin yanvar ayında Qazaxıstanın “Astana” klubundan azad agent kimi ayrılaraq “Neftçi”yə keçmişdi. 26 yaşlı sol cinah vingeri indiyə qədər paytaxt təmsilçisinin heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

Lebon karyerası ərzində “Beroe”, “Şambli”, “Utrext”, “Ayaçço”, “Astana”, “Paris” və “Kretey” kimi klubların formasını geyinib. O, 2023-cü ildən Sent-Martin milli komandasında oynamağa başlayıb. Təcrübəli vinger millidə 3 oyuna çıxıb, 1 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” yanvarın 4-dən Antalyada təlim-məşq toplanışındadır. Paytaxt təmsilçisi Türkiyədəki ilk yoxlama oyununda yerli “Ərzurumspor”la qarşılaşıb və 1:3 hesabıyla məğlub olub. “Ağ-qaralar” qardaş ölkədəki ikinci sınaq matçında Almaniyanın 3-cü liqa təmsilçisi “Valdhof”la qarşılaşacaq. Bu oyun yanvarın 13-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: