Kilian Mbappe: “Bu mövsüm yeni titullar qazanacağıq”

Madrid “Real”ının fransalı ulduz hücumçusu Kilian Mbappe 2026/2027-ci illər mövsümü ilə bağlı gözləntilərini bölüşüb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu komandanın bütün turnirlərdə maksimum nəticəyə kökləndiyini bildirib.

Mbappe mövsümöncəsi hazırlıq mərhələsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, futbolçular hazırda fiziki baza yaratmalı və çempionatın ilk oyununa tam hazır vəziyyətə gəlmək üçün məşqlərdə maksimum çalışmalıdırlar.

“Hazırlığın ilk günündən maksimumumu göstərmək niyyətindəyəm. Hazırda yaxşı çalışmaq vaxtıdır. Rəsmi oyunlar başlayanda yükü düzgün bölüşdürməli olacağıq. İndi isə bütün gücümüzü sərf etməli, oyunu hiss etməli və çempionatın ilk qarşılaşmasına hazırlaşmalıyıq”, – deyə fransalı hücumçu “Real”ın mətbuat xidmətinə açıqlamasında bildirib.

Kilian Mbappe “Real”ın əsas məqsədinin qələbələr və titullar qazanmaq olduğunu xüsusi qeyd edib.

“Qalib gəlmək lazımdır. Əminəm ki, bu mövsüm yenidən titullar qazanmağa qayıdacağıq. Məhz bunu istəyirik və belə də olacaq. Komandanın buna kökləndiyini hiss edirəm. Bütün mövsüm ərzində azarkeşlərimizi sevindirməyə çalışacağıq. Komanda ilə birlikdə titullar qazanmaq və azarkeşlərə sevinc bəxş etməkdən vacib heç nə yoxdur”, – deyə Mbappe vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: