Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın üçüncü yer uğrunda İngiltərə ilə keçirilən oyunda (4:6) bir neçə tarixi göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu görüşdə vurduğu iki qolla turnirdəki qol sayını 10-a, dünya çempionatlarındakı ümumi qol sayını isə 22-yə çatdırıb.
Beləliklə, Mbappe dünya çempionatları tarixinin ən məhsuldar bombardiri adına yiyələnərək Lionel Messini (21 qol) geridə qoyub.
Fransalı hücumçu həmçinin dünya çempionatlarında keçirdiyi oyunların sayını 22-yə yüksəldərək Argentina əfsanəsi Dieqo Maradonanı (21 oyun) arxada qoyub. Bu göstəricidə yalnız Lionel Messi (33), Kristiano Ronaldo (27), Lotar Matteus (25), Miroslav Kloze (24), Paolo Maldini, Luka Modriç və Manuel Noyer (hərəsi 23 oyun) ondan irəlidədirlər.
Mbappe DÇ-2026-da vurduğu 10 qolla da tarixi nailiyyətə imza atıb. O, 1970-ci il mundialında 10 qol vurmuş Gerd Müllerdən sonra bir dünya çempionatında bu həddə çatan ilk futbolçu olub. Son 56 ildə heç bir oyunçu bir mundialda 8 qoldan çox vura bilməmişdi.
Bununla yanaşı, Mbappe dünya çempionatlarının tarixində bir turnirdə 10 və daha çox qol vuran cəmi dördüncü futbolçu olub. Ondan əvvəl bu uğura yalnız Şandor Koçiş (11 qol, 1954), Jüst Fonten (13 qol, 1958) və Gerd Müller (10 qol, 1970) nail olmuşdular.
Mbappe 10 qolla hazırkı dünya çempionatının da bombardiridir. Onu 8 qolla Messi izləyir.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildən İspaniyanın “Real” klubunun formasını geyinir. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialının bombardiri seçilib.


