İtaliyanın “Roma” komandasının baş məşqçisi Klaudio Ranyeri hakimləri tənqid etdiyinə görə UEFA tərəfindən cərimələnib.
Arena.az bu barədə “Football Italia” nəşrinə istinadən xəbər verir.
Bu, Avropa Liqasının “Portu” ilə pley-off mərhələsinin ilk oyunundan (1:1) sonra baş verib.
Matçdan sonra paytaxt klubunun baş məşqçisi hakimin rəqibə simpatiya göstərdiyini iddia edib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid edib. Sözügedən final matçında “Roma” “Sevilya”ya oyunsonrası (1:1) penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.
Klaudio Ranyeri matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləmişdi:
“Mən anlaya bilmirəm, necə mümkün olub ki, bütün dünyanın layiqli və tamamilə vicdanlı bir insan kimi tanıdığı cənab Rozetti, 22 oyununda qonaq komandaların ancaq doqquz heç-heçəyə nail ola bildiyi hakimi Portuya göndərib? Bütün digər oyunlar meydan sahiblərinin qələbələri ilə başa çatıb. Sən abırlı adamsan, ancaq sən bu haqda bilirsənmi? Ab-hava gərgindir, kütlə təpki göstərir, sən isə onu bu oyuna təyin edirsən? Mən bunun niyəsini başa düşmürəm. O, gəzib-dolaşır, vərəqələrlə birini təhdid edir, onları digərlərini paylayırdı. Mənim qənaətimcə, o, cərimə meydançasında nəyinsə baş verməsini güdürdü ki, qələbəni onlara (“Portu”ya – redaktorun qeydi) versin. Bu, açıq-aydın idi. Məhz buna görə uşaqlar qıcaqlanmışdılar, axı belə olmaz”.
Bu sözləri Ranyeriyə baha başa gəlib. O, bu fikirlərinə görə 20 min avro cərimələnib. “Roma” klubu da baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro xərcə düşüb.
Xatırladaq ki, “Portu” – “Roma” oyununu baş hakim Tobias Ştiller başda olmaqla, Almaniyadan olan hakimlər briqadası idarə edib.
İlk oyun 1:1 hesabıyla başa çatsa da, cavab oyununda 3:2 hesablı qələbəyə sevinmiş “Roma” 1/8 finala vəsiqə qazanıb. “Canavarlar” bu mərhələdə Bilbao “Atletik”i ilə qarşılaşacaqlar.


