Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi Yurgen Klopp təyinatından sonra maraqlı açıqlama ilə azarkeşlərə müraciət ünvanlayıb.
Arena.az xəbər verir ki, o, ailəsinin hədəfə alınacağı təqdirdə vəzifəsindən heç bir təzminat tələb etmədən ayrılacağını bildirib.
Klopp Almaniya millisinə rəhbərlik etməyə şəxsi maraqları üçün deyil, azarkeşlər naminə gəldiyini vurğulayıb:
“Mən bu işi özüm üçün yox, sizin üçün qəbul etdim. Bunu edərkən Yulian Nagelsmana və Tomas Tuxelə necə münasibət göstərdiyinizi gördüm. Əgər ailəmi təhqir etsəniz, burada olmayacağam. Məni yararsız hesab edirsinizsə, bunu üzümə deyin. Heç bir təzminat tələb etmədən gedəcəyəm”, – deyə ünlü mütəxəssis bildirib.
Xatırladaq ki, 59 yaşlı mütəxəssis iyulun 24-də Almaniya millisinin baş məşqçisi təyin olunub. Onun Almaniya Futbol İttifaqı ilə müqaviləsi 2030-cu ilin iyul ayınadək nəzərdə tutulub.
Klopp məşqçilik karyerası ərzində “Maynts”, Dortmund “Borussiya”sı və “Liverpul”u çalışdırıb. O, “Liverpul”la UEFA Çempionlar Liqasını, İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Liqa Kubokunu, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb. 2019 və 2020-ci illərdə FIFA tərəfindən ilin ən yaxşı baş məşqçisi seçilib. “Liverpul”dan ayrıldıqdan sonra isə “Red Bull” şirkətində futbol əməliyyatları üzrə rəhbər vəzifəsində çalışıb.


