Kobbi Meynu: “Şadam ki, Erik ten Haq klubda qalacaq”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Meynu baş məşqçi Erik ten Haqın bu klubda qalacağı xəbərinə münasibətini açıqlayıb.

Arena.az 19 yaşlı ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Aydındır ki, Erik ten Haqqın “Mançester Yunayted”də işləməyə davam edəcəyinə şadam. Onun artıq iki kuboku var. Ümidvaram ki, daha çox olacaq. Növbəti mövsümdə hansı məşqçi ilə çalışacağınızı bilməkdən ötrü rahatlıq əldə etmək xoşdur”, deyə Kobbi Meynu vurğulayıb.

Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 114 oyun keçirib, 68 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıblar. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 207 qol vurub, 156 qol buraxıb.

Geridə qalmış 2023/2024 mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: