Almaniya Bundesliqasında mübarizə aparan “Köln” klubu azarkeşlərinin “sevgisi” müqabilində rekord məbləğdə cərimə ödəməli olacaq.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.
Belə ki, Bundesliqanın 8-ci turu çərçivəsində Mönhenqladbax “Borussiya”sı ilə oyun (3:1) başlamazdan əvvəl “keçilər”in azarkeşlərinin pirotexniki vasitələrdən həddindən artıq istifadə etməsinə görə klub 595 min avro cərimələnib.
Oyun bu atəşfəşanlığa görə 6 dəqiqə təxirə salınıb. “Köln” cərimə məbləği olaraq göstərilmiş məbləğdən 198 min avronu öz stadionunda təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə yatırmağa borcludur.
Klubun icraçı direktoru Kristian Keller pərəstişkarların pirotexniki vasitələrdən istifadəsində qınanılacaq məqam görmür, amma icazə verilən həddin də aşılmasının qəbuledilməz olduğuna inanır. Eyni zamanda, “keçilər” cərimə məbləğinin çox yüksək olduğunu nəzərə alaraq, bununla razılaşmırlar.
Hazırda “Köln” 14 turdan 10 xalla Bundesliqanın turnir cədvəlində 16-cı pillədə – autsayderlər məkanında qərarlaşıb.


