Almaniya Bundesliqasına qayıtmış “Köln” “keçilər”in sükanını 43 yaşlı polyak əsilli almaniyalı mütəxəssis Lukas Kvasnyoka tapşırıb.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
“Keçilər” Kvasnyokla müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
“Mən bu fikiri götür-qoy etmişdim., hətta fasilə də götürdüm. Klubun direktoru Tomas Kessler mənimlə əlaqəyə çıxanda, mənə dərhal aydın oldu: əgər mənim “Köln”də işləmək imkanım yaransa, mən bunu mütləq edəcəyəm. Bu nəhəng imkanlara malik inanılmaz klubdur. Sözsüz, bu, fövqəladə duyğu olacaq – Bundesliqada klubla ilk dəfə meydana çıxmaq. Biz gurultu qoparmaq niyyətindəyik”, deyə Kvasnyok vurğulayıb.
Xatırladaq ki, Kvasnyok daha əvvəl, 2021-2025-ci illərdə “Paderborn”u çalışdırıb, eləcə də “Raştatt”, “Rayxenbax”, “Karlsruher” (baş məşqçi vəzifəsinin müvəqqəti icraçısı), “Karl Seyss Yena” və “Saarbrükken”də çalışıb. Göründüyü kimi, “Köln”ü Kvasnyokun məşqçilik karyerasında ilk ciddi çağırış olaraq qəbul etmək olar.



