DÇ-2026-nın 1/16 final mərhələsində Qana millisini 1:0 hesabı ilə məğlub etmiş Kolumbiya yığması ölkə futbolu adına tarixi rekorda imza atıb.
Arena.az xəbər verir ki, Nestor Lorensonun rəhbərlik etdiyi komanda mundiallar tarixində ilk dəfə ardıcıl üç oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
Kolumbiyalılar bu uğurlu seriyanı qrup mərhələsinin son iki görüşündə və Qana ilə keçirilən pley-off qarşılaşmasında reallaşdırıblar.
Kolumbiya DÇ-2026-da keçirdiyi dörd oyunda cəmi bir dəfə qol buraxıb. Bu yeganə qol qrup mərhələsinin ilk turunda Özbəkistanla oyunda qeydə alınıb. Bundan sonra komanda ardıcıl üç matçda rəqiblərinə qol imkanı verməyərək müdafiədə etibarlı çıxışı ilə seçilib.
Baş məşqçi Nestor Lorenso da Qana üzərində qazanılan qələbədən sonra müdafiə xəttinin oyununu xüsusi qeyd edib. O, komandasının rəqibə demək olar ki, ciddi imkan vermədiyini və turnirdə az qol buraxmalarından məmnun olduğunu bildirib. Təcrübəli mütəxəssis qarşıdakı mərhələdə İsveçrə ilə oyunun isə daha çətin keçəcəyini vurğulayıb.
Hazırda DÇ-2026-da qapısından ümumiyyətlə top buraxmayan yeganə komandalar İspaniya və Meksika yığmalarıdır. Kolumbiya isə cəmi bir buraxılmış qolla turnirin ən etibarlı müdafiəyə malik komandalarından biri hesab olunur.
Qeyd edək ki, Kolumbiya yığması 1/8 final mərhələsində İsveçrə ilə üz-üzə gələcək.


