Konfrans Liqasının yarıda qalmış oyununda “Köln” sevindi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turundan təxirə salınmış oyun keçirilib. Arena.az xəbər verir ki, D qrupu çərçivəsində Almaniyanın “Köln” komandası Çexiyada “Slovaçko”nun qonağı olub.

Matç Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə penaltidən Andrey Duda vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Köln” 3-cü pillədəki yerini qoruyub. 4 xalı olan “Slovaçko” isə sonuncudur. Qrupa 8 xalla Fransa “Nitsa”sı başçılıq edir. Eyni xala malik Serbiya “Partizan”ı 2-ci sırada qərarlaşıb.

“Slovaçko” – “Köln” görüşü ötən gün qatı duman səbəbindən yarıda dayandırılmışdı. Qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.

Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunun oyunları gələn həftə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: