AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq. Qarşılaşma avqustun 10-da Buxarestdə baş tutacaq.
Maraq üçün xatırladaq ki, “Styaua” – “Nordsyelland” cütü Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Sabah”ın potensial rəqibləridir. Komandamız 3-cü raundda Serbiya “Partizan”ını mübarizədən kənarlaşdıracağı halda məhz bu iki komandadan biri ilə üz-üzə gələcək.
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev də UEFA-dan növbəti təyinat alıb. O da Avropa Konfrans Liqasının üçüncü təsnifar mərhələsi çərçivəsində keçiriləcək “Dila” (Gürcüstan) – APOEL (Kipr) oyununun hakim-inspektoru olacaq.
Bu oyun da avqustun 10-da Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutacaq.


