Kostyuk: “Qarabağ”ı çox yaxşı tanıyırıq”

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü raundunda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, Ukrayna və Azərbaycan komandaları arasındakı cavab görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İqor Kostyuk bu gün cavab oyunundan öncə Bakıda təşkil edilmiş mətbuat konfransında qarşılaşmadan gözləntilərini açıqlayıb:

“Qarabağ”ı çox yaxşı tanıyırıq. Qurban Qurbanov uzun illərdir komandanı çalışdırır. Avrokubok təcrübələri çoxdur. Balanslaşdırılmış heyətə malikdirlər. Bu da oyuna əlavə maraq qatır”.

Mütəxəssis Azərbaycanda xoş qarşılandıqlarını söyləyib:

“Şəhəriniz və insanlarınız xoş təəssürat bağışladı. Ümumiyyətlə, Azərbaycan xalqının bizə münasibəti çox xoşdur. Bizə dəstəklərini yüksək qiymətləndiririk. Buna baxmayaraq, oyunun çox gərgin keçəcəyini deməliyəm”.

“Dinamo”nun hücumçusu Matvey Ponomarenko da cavab oyunundan öncə mətbuat konfransında fikirlərini bölüşüb:

“Səfərdə oynayırıq. Bakıda azarkeşlərin sayı olduqca çoxdur. Qələbə qazanmağa çalışacağıq. Oyuna köklənməliyik. “Qarabağ” çox güclü komandadır. Ciddi şəkildə hazırlaşmışıq və çətin olacağını düşünürük”, – futbolçu söyləyib.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Dinamo” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında Polşada baş tutmuş ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: