Koul Palmer – 2023/24 mövsümünün ən yaxşı gənc oyunçusu!

“Çelsi”nin ingilis vingeri Koul Palmer İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Arena.az bu barədə Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyasına (PFA) istinadən məlumat verir.

Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyası İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşılarının adını açıqlayıb. “Çelsi”nin ingilis vingeri Palmer də təşkilatın seçimi əsasında ötən mövsümün ən yaxşı gənc oyunçusu elan edilib.

Vurğulayaq ki, Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyası 4000 üzvü olan, dünyanın peşəkar idmançılardan ibarət ən qocaman qurumudur.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 25 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə Palmer “Çelsi”də 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 9 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha öncə “Mançester Siti”nin ingilis vingeri Fil Foden də PFA tərəfindən İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu elan edilmişdi.

Xəbəri paylaş:
Bizi izləyin: