“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Koul Palmer vurduğu qolları qeyd edərkən, “soyuqdan üşüyürmüş” kimi davranmasını şərh edib.
Arena.az “The Telegraph” nəşrinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“İlk dəfə keçən ilin dekabrında, 3:2 hesabı ilə qalib gəldiyimiz “Luton Taun”la oyunda qolu “soyuqdan üşüyürmüş” kimi bir surətdə qeyd etmişəm. Bu, “Mançester Siti” akademiyasından keçmiş komanda yoldaşım Morqan Rocersə bir hörmət əlamətidir.
Bu, oyunda sevincin, şövqün və güclü qətiyyətin rəmzini ifadə edir və eyni zamanda mənim adımla yaxşı uyğunlaşdığı üçün əyləncəlidir. Hamı bilir ki, bu, mənim qeyd tərzimdir. Çoxları bunu edə bilərdilər, amma hamı bilir ki, indi bunu yalnız mən edirəm”, deyə Palmer vurğulayıb.
Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.
Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 55 oyun keçirib, 31 qol vurub, 20 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


