Kristian Stuani Çempionlar Liqasında yaş rekorduna imza atdı

Çempionlar Liqasının 1-ci turunda PSJ-yə qarşı oyun (0:1) “Jirona”nın uruqvaylı mərkəz hücumçusu Kristian Stuani üçün əlamətdar olub.

Arena.az “Opta Sports” statistik-internet portalına istinadən məlumat verir ki, 37 yaşlı Stuani Çempionlar Liqasında debüt etməklə, XXI əsrdə mötəbər yarışda debüt etmiş ən yaşlı meydan oyunçusu ünvanına sahib olub.

Daha yaşlı debütant isə XX əsrdə, 1997-ci ildə “Olimpiakos”un heyətində Çempionlar Liqasında meydana çıxmış yarımmüdafiəçi Tasos Mitropulos olub. Yunan futbolçunun debütü 40 yaşında baş tutub.

Kristian Stuani Uruqvayın “Danubio” klubunun yetirməsidir. O, karyerası ərzində “Bella Vista”, “Reccina”, “Albasete”, “Levante”, “Rasinq” (Santander), “Espanyol” və “Midlsbro” kimi klublarda da forma geyinib. Təcrübəli hücumçu 2017-ci ilin iyul ayından “Jirona”nın uğurları üçün çalışır. Uruqvaylı forvard La Liqa təmsilçisinin heyətində indiyə qədər 251 oyuna çıxıb, 132 qola imza atıb, 10 məhsuldar ötürmə verib.

Stuani 2012-ci ilin noyabr ayında debüt etdiyi Uruqvay milli komandasının heyətində 50 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.