“Əl-Nəsr”in portuqal ulduz hücumçusu, kapitan Kristiano Ronaldo komandadakı gələcəyi ilə bağlı ərəb klubunun rəhbərliyi ilə görüş keçirib.
Arena.az bu barədə jurnalist Rudi Qalettiyə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Ronaldo ilə yeni müqavilənin şərtlərinin müzakirə edildiyi görüşdə Səudiyyə Ərəbistanı Turizm Nazirliyinin nümayəndələri də olublar. Bildirilir ki, tərəflər yaxın vaxtlarda hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı razılığın əldə ediləcəyinə əmindirlər.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 73 oyun, 66 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


